Aprelin 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, ƏƏSMN-in Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, “Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər. Tədbirdə müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasını və 22 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub. Qaliblər arasında Xətai rayon 116 №-li məktəb də yer alıb.