Bakının Xətai rayonunda 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib. ATİAHİ Xətai rayon komitəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə rayon məktəblərində çalışan gənc təhsil işçiləri iştirak ediblər. Komitənin sədri M.Hacıyeva çıxış edərək bildirib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir”.
Görüşdə çıxış edən gənclər dövlətin onlar üçün yaratdığı imkanlardan, qayğıdan, Azərbaycan gənclərinin nailiyyətlərindən və üzərilərinə düşən məsuliyyətdən danışıblar.
Sonda tədbirdə iştirak edən gənclərə rayon komitəsi tərəfindən fəxri fərman və mükafat verilib.