ATİAHİ Xətai rayon komitəsinin dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ilk həmkarlar ittifaqlarında bayram şənlikləri təşkil edilib.
Bayram tədbirlərində qadın ittifaq üzvlərinin ünvanlarına təbriklər deyilib. Bildirilib ki, möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Tədbirlərdə çıxış edən qadın müəllimlər cəmiyyətimizdə onlara olan ali münasibətdən və dövlətimiz tərəfindən qadınlarla kişilərə yaradılmış bərabər hüquqlardan razılıqlarını ifadə ediblər.
Keçirilən tədbirlərdə həmkarlar ittifaqları tərəfindən qadın müəllimlərə bayram hədiyyələri verilib.